Bipolyar pozuntu
Giriş
Bipolyar pozuntu affektiv xəstəliklər qrupuna aid olub, adətən, depressiv və maniakal fazaların növbələşməsi ilə xarakterizə olunur.
Depressiv simptomlar unipolyar depressiyadakı kimi olub, əhval-ruhiyyənin enməsi, maraqsızlıq və istəksizliklə müşayiət olunur. Maniakal fazalar isə yüksəlmiş əhval-ruhiyyə və bəzən düşünülməmiş, məsuliyyətsiz davranışlarla səciyyələnir.
Etiologiya
Xəstəliyin etiologiyası hələ ki, məlum deyil. Neyrobioloji proseslərlə yanaşı psixososial faktorların da xəstəliyin ortaya çıxmasında rol oynadığı düşünülür.
Simptomlar
Bipolyar pozuntu maniakal və depressiv fazaların növbələşməsi ilə xarakterizə olunur. Bu fazaların arasında isə simptomsuz dövrlər müşahidə olunur.
Maniakal fazalar zamanı:
- Yüksək əhval-ruhiyyə, bəzən eyforiya
- Özünə dəyər və inam hissinin artması
- Aqressiv və impulsiv davranış
- Konsentrasiya çətinliyi, fikrin asan yayınması
- Formal düşüncə axınının sürətlənməsi (“ideyaların havada uçuşması”)
- Çoxdanışqanlıq
- Asan sosiallaşma bacarığı
- Libidonun artması
- Yuxu ehtiyacının azalması
Depressiv fazalar:
- Simptomlar depressiyanın əlamətləri ilə oxşardır, lakin, adətən, daha erkən yaşlarda üzə çıxır.
Diaqnostika
Diaqnoz anamnez və simptomlar əsasında qoyulur.
| Bipolyar pozuntu diaqnozunun qoyulması bəzi hallarda uzun zaman alır, çünki, xüsusilə, hipomaniakal simptomlar xəstələr tərəfindən çox vaxt xəstəlik kimi qəbul edilmir. Bundan əlavə, bəzi pasiyentlər illərlə yalnız depressiv simptomlar göstərə bilər və buna görə də ilk olaraq onlara çox zaman “Təkrarlanan depressiv pozuntu” diaqnozu qoyulur. |
Müalicə
Maniakal epizodların müalicəsi
Ən çox istifadə olunan preparatlar:
- Litium
- Antipsixotik preparatlar:
- Aripiprazol, haloperidol, olanzapin, quetiapin, risperidon
Depressiv epizodların müalicəsi
Müalicə depressiyanın müalicəsi ilə oxşardır.
Əsas tətbiq olunan preparatlar:
- Quetiapin
- Litium
- Antidepressantlar:
- SSRİ (fluoksetin, paroksetin, sitalopram, sertralin) preparatlarına üstünlük verilir.
Profilaktik müalicə
Xəstəlik yüksək residiv riskinə malik olduğuna görə simptomsuz dövrdə profilaktik müalicə tətbiq edilməlidir.
Əsas istifadə olunan dərman preparatları:
- Litium (əsas seçim preparatı)
- Quetiapin
- Aripiprazol
- Olanzapin
- Lamotrigin
- Karbamazepin
| Həm maniakal, həm də depressiv epizodlar zamanı “Koqnitiv Davranış Terapiyası” tətbiq oluna bilər. Lakin bipolyar pozuntuya malik pasiyentlər, adətən, özlərini xəstə olaraq görmədikləri üçün bu üsul kifayət qədər effektiv deyil. |