Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Gözün quruluşu

Gözün anatomik quruluşu  

Göz – göz alması və görmə sinirindən təşkil olunmuşdur. Göz alması  (bulbus oculi) isə aşağıdakı strukturlardan ibarətdir:   

  • Lifli (xarici) qişa  
  • Damarlı (orta) qişa  
  • Torlu qişa (daxili)  
  • Nüvə  
gozun-anatomik-qurulusu-11.png
Gözün anatomik quruluşu

 

Lifli qişa  (tunica fibrosa) :  

  • Arxa hissəsi ağlı qişa adlanır. Ağlı qişaya (sclera) göz alması əzələləri və konyunktiva bağlanır.  
  • Ön hissəsi şəffafdır və buynuz qişa  (cornea) adlanır.   
  • Sinir ucları ilə zəngin və damarsızdır.  
  • Ağlı qişanın buynuz qişaya keçən yerində venoz cib və ya Şlemm kanalı yerləşir.  

Damarlı qişa  (tunica vasculosa) ibarətdir:  

  • Xüsusi damarlı qişa (choroidea) - göz almasını qidalandırır və ön tərəfdən kirpikli cismə keçir.  
  • Kirpikli cisim (corpus ciliare) – tərkibində büllur kapsuluna bağlanan saya əzələ vardır. Bu əzələ meridional, dairəvi və radial istiqamətdə yerləşən dəstələrdən təşkil olub büllurun kapsulunu boşaldıb, gərginləşdirməklə yaxından və uzaqdan görməni (akkomodasiyanı) tənzim edir. Beləki, meridional və dairəvi liflər yaxındangörməni, radial liflər isə uzaqdangörməni təmin edir.  
  • Qüzehli qişa (iris) – damarlı qişanın ön hissəsini təşkil edir və piqmentlidir. Gözün rəngi həmin piqmentdən asılıdır. Qüzehli qişanın mərkəzində bəbək (pupilla) yerləşir. Bəbəyin diametri onun ətrafında yerləşən dairəvi və radial saya əzələlərdən asılıdır. Dairəvi əzələ lifləri bəbəyi daraldır. Radial əzələlər bəbəyi genəldir. Bununla da gözə düşən işıq selinin miqdarı tənzim olunur və bəbək refleksi baş verir.   

Torlu qişa  (tunica interna) :  

  • Arxa hissəsinin mərkəzində görmə siniri diski  və ya kor ləkə (discus nervi optici) , ondan bayırda isə tor qişanın ən həssas hissəsi olan mərkəzi çuxurcuq və ya sarı ləkə (fovea centralis) yerləşir.  
  • Görmə reseptorları olan çöpcüklər və kolbacıqlar burda yerləşir.   
    • Çöpcüklər başlıca olaraq alatoran vəziyyətdə görməni təmin edir. Membranlarının xarici səthində rodopsin yerləşir.   
    • Kolbacıqlar isə, əsasən, rəngli görmə üçün cavabdehdirlər. Membranlarının xarici səthində yodopsin yerləşir.  

Göz alması nüvəsi aşağıdakı strukturlardan ibarətdir:  

  • Göz kameralarının sulu nəmi – qüzehli qişa ilə buynuzlu qişa arasında ön kameranı, qüzehli qişanın arxasında isə arxa kameranı əmə gətirir.  
  • Büllur (pupilla) – şəffaf qabarıq linzadır. Göz almasının şüasındırıcı mühitini təşkil edir. Büllur Tsini bağları (zonula ciliaris) vasitəsilə kirpikli cismə bağlanır. Akkomodasiyanı təmin etmək üçün kirpik əzələsi yığılaraq Tsini bağlarını gərginləşdirir. Beləliklə, yaxıngörmə üçün büllur qalınlaşır, uzaqgörmə üçün isə yastılaşır.  
  • Şüşəyəbənzər cisim (corpus vitreum) – şəffafdır, damar və sinirlərə malik deyil. Şüasındırıcı xüsusiyyətə malikdir.