Dofaminergik farmakologiya
Bu bölmə Farmakologiya Kompakt kitabından götürülmüşdür.
Mərkəzi sinir sistemində dofaminin rolu
Mərkəzi sinir sistemində əsas dofaminergik yollar və həmin yolların patologiyaları aşağıdakılardır:
Niqrostriatal trakt – substantia nigradan striatuma uzanan aksonlardan dofamin ifraz olunur. Striatumda ifraz olunan dofaminin təsirləri asetilxolin və QAYT ilə antaqonizə edilir. Yəni QAYT və asetilxolin ilə dofamin arasında müəyyən funksional balans mövcuddur.
Niqrostriatal traktın əsas patologiyaları:
Dofaminin azalması parkinsonizmə səbəb olur.
Dofaminin artması isə diskineziyaya yol açır.
Mezolimbik-mezokortikal trakt – koqnitiv funksiyaların və emosional davranışların tənzimlənməsində iştirak edir. Bu traktın əsas patologiyaları:
Dofaminin artması → psixoz
Dofaminin azalması → koqnitiv hipofunksiya
Tuberoinfundibulyar traktda – bu yol hipotalamusdan hipofizə uzanır və ifraz olunan dofamin prolaktinin sintezini inhibə edir.
Klinik əhəmiyyəti:
Dofamin aqonistləri (məsələn: bromokriptin, kabergolin) hiperprolaktinemiyanın müalicəsində istifadə olunur.
Dofamin antaqonistləri isə (məsələn: antipsixotik preparatlar) prolaktin miqdarının artmasına səbəb olur və nəticədə ginekomastiya və amenorreya kimi yan təsirlər ortaya çıxır.
Xemotriqqer zona – dofamin reseptorlarının aktivləşməsi bu zonada özünü qusma ilə göstərir. Beləliklə, dofamin antaqonistlərindən antiemetik kimi istifadə etmək mümkündür.

Parkinsonizm və onun müalicəsi
Parkinsonizm proqressiv şəkildə koordinasiya və hərəkət qabiliyyətinin itirilməsi ilə xarakterizə olunan neyrodegenerativ sindromdur. Klassik triada sakitlik tremoru, bradikineziya və rigidlikdən ibarətdir. Parkinsonizmin əsas etioloji səbəbi substantia nigradan striatuma gedən traktın degenerasiyasıdır. Bu zaman dofamin və asetilxolin arasındakı balans pozulur (dofamin ↓ , asetilxolin ↑ ).
Striatum koordinasiya mərkəzi olaraq fəaliyyət göstərir və iki əsas mənbədən məlumat alır:
Neokorteks – sensor informasiyaları və hərəkət planlarını ötürür.
Substantia nigra (qara maddə) – dofamin vasitəsilə koordinasiyanı tənzimləyir.
Striatumda dofamin, QAYT və asetilxolin müəyyən balans içərisindədir. Dofaminin azalması QAYT və asetilxolinin striatum üzərində inhibəedici təsirinin artmasına səbəb olur. Bu parkinsonizmin əsas patofizioloji mexanizmidir.
Beləliklə, parkinsonizmin müalicəsində istifadə olunan preparatlar ya dofamin miqdarını artırır, ya da asetilxolinin təsirini zəiflədir.
Dofaminin təsirini artırır:
Dofamin aqonistləri
MAO-B inhibitorları
KOMT inhibitorları
Asetilxolinin təsirini azaldır:
Muskarinik antaqonistlər

Antiparkinson preparatların təsir mexanizmi
Dofaminergik neyrondan sinaptik boşluğa çıxan dofamin müvafiq reseptorlara təsir edir və artıq qalan dofamin yenidən presinaptik neyrona qayıdır. Daha sonra MAO (monoaminoksidaza) və ya KOMT (katexol-O-metil transferaza) fermentləri vasitəsilə metabolitlərinə parçalanır. Dofaminergik neyron vasitəsilə təsir edən antiparkinson preparatlar:
Dofamin aqonistləri – birbaşa dofamin reseptorlarına təsir edir.
MAO və KOMT inhibitorları – dofaminin parçalanmasının qarşısını alaraq, onun təsirini daha da uzadır.
Eyni mühitdə olan xolinergik neyrondan sinaptik boşluğa çıxan asetilxolin eyniadlı reseptorlara təsir göstərir. Xolinergik neyron vasitəsilə təsir edən antiparkinson preparatlar:
Muskarinik antaqonistlər
Antiparkinson preparatlar
Levodopa:
Dofaminin prekursorudur. Dofamin özü qan-beyin bariyerini keçə bilmədiyindən prekursoru olan Levodopa klinik praktikada istifadə olunur.
| Levodopa periferik dofa-dekarboksilaza fermenti tərəfindən parçalanır. Levodopa ilə birlikdə verilən kardibopa və ya benserazid isə bu fermenti inhibə edərək levodopanın təsir müddətini uzadır. |
Yan təsirləri:
Diskineziya (niqrostriatal trakt)
Psixoz (mezolimbik-mezokortikal trakt)
Ürəkbulanma (xemotriqqer zona)
Bromokriptin, pramipeksol, ropinirol:
Dofamin reseptorlarını stimulyasiya edir.
Selegilin:
MAO-B fermentini inhibə edir.
Tolkapon, entakapon:
KOMT fermentini inhibə edir.
Benztropin, triheksifenidil:
Muskarinik reseptorları blok edir.
Amantadin:
Antiviral preparat olan amantadin həm də muskarinik reseptorları blok edir.


Psixoz və antipsixotik preparatlar
Psixozların patofiziologiyasında əsas nəzəriyyə mərkəzi sinir sistemində dofaminin miqdarının artmasıdır. Lakin heç də bütün antipsixotik preparatlar dofaminergik sistem vasitəsilə təsir etmir.
Antipsixotik dərmanların əsas klinik istifadəsi:
Şizofreniya
Bipolyar pozuntu
Tourette sindromu
Antipsixotik preparatlar tipik (I nəsil) və atipik (II nəsil) olaraq təsnif olunur:
Tipik antipsixotik preparatlar:
D2 reseptorları vasitəsilə təsir göstərirlər.
Atipik antipsixotik preparatlar:
5-HT2A reseptorlarına təsir edirlər.
Bu preparatlar tipik antipsixotik preparatlara nəzərən daha az ekstrapiramidal simptomlara və koqnitiv pozuntulara səbəb olurlar.
