Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Parkinson xəstəliyi

Giriş  

Parkinson sindromu dofamin çatışmazlığının səbəb olduğu bradikineziya və sakitlik tremoru ilə xarakterizə olunur.  

İdiopatik parkinson xəstəliyi ən geniş yayılmış parkinson sindromudur, bu zaman substantia nigradakı dofaminergik neyronların degenerasiyası xəstəliyin əsas səbəbidir. Parkinson xəstəliyi, adətən, yavaş irəliləyən və hələ ki, birbaşa müalicəsi olmayan xəstəlikdir. Xəstəlik, əsasən, 50 yaşından sonra özünü büruzə verir. Levodopa, dofamin aqonistləri və MAO-B inhibitorları simptomatik terapiyanın əsasını təşkil edir. Dərin beyin stimulyasiyası (deep brain stimulation) isə son zamanlar istifadə olunan digər alternativ müalicə metodudur.   

Atipik parkinson sindromları isə ayrıca xəstəliklər qrupudur, bu sindromlar, həmçinin, “parkinson plus” sindromları da adlanır. Atipik parkinson sindromları digər parkinson sindromlarından fərqli olaraq dofaminergik preparatlara cavab vermirlər və bu onların müalicəsini xeyli çətinləşdirir.   

 

Etiologiya   

Parkinson sindromları 4 əsas etioloji qrupa bölünür:  

  • İdiopatik parkinson sindromu – substantia nigradakı deofaminergik neyronların degenerasiyası  
  • Genetik parkinson sindromları – genetik defekt (məsələn: PAK 1-16 geni) xəstəliyə səbəb olur  
  • Atipik parkinson sindromları  
  • İkincili parkinson sindromları – məsələn, dərman mənşəli (məsələn: antipsixotik preparatlar, litium preparatları, metoklopramid)  

Atipik parkinson sindromlarına aiddir:

  • Multisistem atrofiyası
  • Proqressiv supranuklear iflic (progressive supranuclear palsy)
  • Kortikobazal degenerasiya
  • Lewy cisimcikli demensiya (lewy body dementia)
  • Vaskulyar parkinsonizm

 

Patofiziologiya   

Bu hissə Farmakologiya Kompakt kitabından götürülmüşdür.

Substantia nigra-dan (qara maddə) striatuma uzanan aksonlardan niqrostriatal traktı təşkil edir və bu aksonlardan dofamin ifraz olunur. Striatumun digər əsas neyrotransmitterləri olan asetilxolin və QAYT isə dofaminin burdakı təsirlərini antaqonizə edir. Yəni QAYT/asetilxolin ilə dofamin arasında müəyyən balans mövcuddur.  Substantia nigradan striatuma gedən traktın degenerasiyası isə dofamin və asetilxolin arasındakı balansın pozulmasına səbəb olur (dofamin , asetilxolin  ) və nəticədə parkinson simptomları ortaya çıxır.   

Striatum koordinasiya mərkəzi olaraq fəaliyyət göstərir və iki əsas mənbədən məlumat alır:  

  • Neokorteks – sensor informasiyaları və həmçinin hərəkət planını ötürür.  

  • Substantia nigra – koordinasiyanı tənzimləmək üçün striatuma dofaminlə təsir edir.   

 

Simptomlar  

Əsas simptomlara aiddir:  

  • Bradikineziya və ya akineziya  

  • Sakitlik tremoru (hərəkətlə birlikdə tremor azalır)  

  • Riqor   

  • Postural instabillik – qaməti düz saxlaya bilməmək  

Video - Parkinson zamanı sakitlik tremoru  

Xəstəliyin irəliləmiş mərhələlərində bradikineziya özünü hipomimiya, hipofoniya və disfaqiya ilə göstərir. Disfaqiya səbəbilə parkinson xəstələrində əsas ölüm səbəbi aspirasion pnevmoniyadır.   

parkinson.png

 

Diaqnostika   

Diaqnoz yuxarıda sadalanan klinik simptomlara əsasən qoyulur. Parkinson xəstəliyinə şübhə olduqda, Levodopa testi aparılır. Yəni xəstəyə probator (ex juvantibus) olaraq Levodopa verilir, xəstədə yaxşılaşma müşahidə olunursa, bu halda parkinson diaqnozu ehtimal edilir. Radioloji diaqnostika, əsasən, ikincili parkinson sindromlarının çıxdaş olunması üçün aparılır (məsələn: KT və ya MRT).  

 

Müalicə  

İlk seçim preparatları:  

  • Levodopa + karbidopa (və ya benserazid)  

  • Dofamin aqonistləri – pramipeksol, ropinirol  

  • MAO-B inhibitorları – selegilin, rasagilin  

Levodopa periferik dofa-dekarboksilaza fermenti tərəfindən parçalanır. Levodopa ilə birlikdə verilən kardibopa və ya benserazid isə bu fermenti inhibə edərək levodopanın təsir müddətini uzadır.   

İkinci sıra seçim preparatları:  

  • KOMT inhibitorları  

    • Preparatlar: tolkapon, entakapon  

    • Yalnız levodopa + karbidopa ilə birlikdə istifadə olunur  

  • Amantadin  

Amantadin ilk olaraq antiviral preparat olaraq (1966) təsdiqlənmişdir. Parkinsona qarşı effekti isə sonralar təsadüfi olaraq kəşf olunmuşdur (1969).
Akinetik kriz zamanı amantadin ilk sıra seçim preparatlarındandır. Akinetik kriz Parkinson sindromu zamanı müşahidə oluna bilən təcili vəziyyətlərdən biridir. 

Dərman terapiyasından əlavə digər alternativ müalicə üsulü dərin beyin stimulyasiyasıdır. Bu üsul, adətən, nisbətən gənc xəstələrdə tətbiq olunur.   

parkinson-1.png