Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Prolaktin

Giriş  

Prolaktin – hipofiz vəzinin ön payındakı laktotrop hüceyrələrdə sintez olunan hormondur.   

 

Fiziologiya  

Sintez  

Prolaktin hamiləlik dövrünün səkkizinci həftəsindən etibarən hipofiz vəzinin ön payındakı laktotrop hüceyrələr tərəfindən sintez edilir.  

Sekresiya  

Prolaktinin ifrazı pulsatil xarakter daşıyır, plazmada ən yüksək prolaktin miqdarı səhər saat 4-dən 6-dək müşahidə olunur.   

Prolaktinin sekresiyası, əsasən, “mənfi tənzimləmə” (negative feedback) yolu ilə idarə olunur. Belə ki, hipotalamusdan ifraz olunan dofamin, laktotrop hüceyrələrin D2-reseptorlarına bağlanaraq prolaktinin ifrazını inhibə edir.  

Plazmada prolaktin miqdarını artıran faktorlara aşağıdakılar aiddir:  

  • Fiziki aktivlik  
  • Yeməkdən sonra  
  • Cinsi əlaqə zamanı  

Hamiləlik dövründə prolaktinin plazmada miqdarı əhəmiyyətli dərəcədə artır və doğumdan sonrakı iki həftə ərzində təkrar normal səviyyəyə qayıdır. Südvermə dövründə isə bazal prolaktin səviyyəsi daim yüksək qalır, südvermə zamanı isə əlavə olaraq qısamüddətli artış göstərir.   

Təsir mexanizmi  

Prolaktinin əsas təsiri süd vəzi tərəfindən süd yaranmasını (laktasiya) induksiya etməkdir. Bununla yanaşı digər təsirləri:  

  • Reproduktiv funksiya və libidonu azaldır  
    • GnRH və qonadotropinlərin sekresiyasını inhibə edir, steroid hormonların sintezini azaldır  
  • Yumurtalıqlar üzərində təsiri:  
    • Aromataza fermentini inhibə edir. Bu, estrogen miqdarının azalmasına və ovulyasiyanın baş verməməsinə səbəb olur.  
  • Lüteolitik təsir:  
    • Menstruasiya dövrünün lüteal fazasını qısaldır.  

Bu təsirlər laktasiya amenoreyası adlanan vəziyyətə səbəb olur, yəni südvermə dövründə olan qadının yenidən hamilə qalma ehtimalı azalır.  

Kişilərdə prolaktin LH sekresiyasını azaldaraq testosteron miqdarının azalmasına səbəb olur. Prolaktinin kişilərdə digər mümkün təsirləri tam öyrənilməyib.   

 

Patofiziologiya  

Hiperprolaktinemiya  

Qanda prolaktin miqdarının artması hiperprolaktinemiya adlanır. Bunun nəticəsi olaraq, amenoreya (menstrual siklin dayanması) və ikincili yumurtalıq çatışmazlığı səbəbindən sonsuzluq yarana bilər.  

Hiperprolaktinemiyanın səbəbləri:  

  • Əsas səbəblərdən biri prolaktinoma dır.  
  • Bəzən isə dərman mənşəli hiperprolaktinemiyaya rast gəlinir:  
    • Dofamin antaqonistləri (məs: metoklopramid, tipik antipsixotik preparatlar)  

Dofamin fizioloji olaraq prolaktin sekresiyasını inhibə etdiyi üçün dofamin aqonistləri hiperprolaktinemiyanın müalicəsində əhəmiyyətli rol oynayır. Bax: prolaktinoma

Hipoprolaktinemiya  

Hiperprolaktinemiyanın əksinə olaraq, qanda prolaktin səviyyəsinin azalması hipoprolaktinemiya adlanır. 

Hipoprolaktinemiyanın ən çox rast gəlinən səbəbləri:  

  • Hipofizektomiya (hipofiz vəzinin cərrahi yolla çıxarılması)  
  • Dofamin aqonistlərinin yüksək dozada qəbulu