Ağciyər emboliyası
Giriş
Ağciyər emboliyası - embol səbəbilə ağciyər arteriyasının tıxanması və ya daralması vəziyyətidir.
Etiologiya
Ağciyər emboliyasının müxtəlif formaları var və bunlar tıxacın növü və mənşəyinə görə fərqlənir:
- Trombemboliya (əsas səbəb)
- Septik emboliya
- Yağ emboliyası
- Hava emboliyası
- Şiş emboliyası
- Yad cisim (maddə) emboliyası
Əksər hallarda emboliya mənbəyi aşağı ətraf venalarının flebotrombozudur.
Risk faktorları
Ağciyər emboliyasının əsas risk faktorlarına aşağıdakılar aiddir:
- Böyük cərrahi əməliyyatlar
- Böyük sümüklərin (məsələn: bud) sınıqları
- Aşağı ətraflarda aparılan protezləşdirmə əməliyyatları
- Ağciyər xəstəlikləri
- Kontraseptivlərin qəbulu
- Bədxassəli şişlər
- Hamiləlik
- Laxtalanma pozğunluqları
- Siqaret çəkmə
Ağciyər emboliyası, xüsusilə cərrahi müdaxilələrdən sonra stasionar yatışlar zamanı (hərəkətsizlik bu riski artırır) ölüm hallarının əsas səbəblərindən biridir. Bu məntiqlə uzun müddət yataqda qalmaq və ya uzun məsafəli uçuşlar ağciyər emboliyası riskini artırır.
Simptomlar
Əsas klinik əlamətlərə təngnəfəslik və döş qəfəsində ağrı aiddir. Bundan əlavə, aşağıdakı əlamətlər də müşahidə edilə bilər:
- Başgicəllənmə, huşun itirilməsi
- Taxipnea (sürətli nəfəsalma)
- Taxikardiya
- Sianoz (dərinin mavi rəng alması)
- Öskürək
Diaqnostika
Ağciyər emboliyasına şübhə olduqda diaqnostika mərhələli şəkildə aparılır:
İlkin qiymətləndirmə
- Wells-əmsalı:
- Klinik olaraq ağciyər emboliyası riskini müəyyən etmək üçün istifadə olunur
- D-dimer testi:
- Tromboz və ya emboliyanın istisna edilməsi üçün
| Diqqət: D-dimer səviyyəsi əməliyyatdan sonra yaranan fizioloji dəyişikliklər, şiş xəstələri, ağır infeksiyalar və hamiləlik zamanı yalnış yüksək ola bilər. |

Wells əmsalının interpretasiyası
- ≤4 : Ağciyər emboliyası riski aşağıdır.
- D-dimer yoxlanmalıdır.
- Aşağıdırsa, ağciyər emboliyası çıxdaş oluna bilər
- Yüksəkdirsə, KT-angioqrafiya tətbiq olunur
- D-dimer yoxlanmalıdır.
- >4: Ağciyər emboliyası ehtimalı yüksəkdir.
- Birbaşa KT-angioqrafiya tətbiq olunur
KT-angioqrafiya
İlk seçim metodudur və emboliyanın birbaşa təsdiqi üçün ən dəqiq üsuldur.
EKQ
EKQ-də müşahidə oluna biləcək dəyişikliklər:
- SI/QIII-konfiqurasiyası
- P-pulmonale: Sağ qulaqcığın yüklənməsini göstərir
- V1-V3-də T-inversiyası

Müalicə
Ağciyər emboliyasının müalicəsi onun ağırlıq dərəcəsindən asılıdır. Şok, hipotoniya, yüksək pulmonar arteriya təzyiqi və ağır hipoksemiya ilə müşayiət olunan hallarda reperfuzion terapiya mütləqdir.
Ümumi tədbirlər
- Yarımoturaq vəziyyətdə uzanma
- Oksigen dəstəyi
- Ağrı və sakitləşdirici terapiya: morfin və diazepam
Antikoaqulyasiya
Müalicə üç mərhələdən ibarətdir:
- İlkin müalicə: 5-21 gün
- Saxlanma terapiyası: ən azı 3 ay
- İkincili profilaktika: bəzi hallarda ömürlük
İlkin müalicə:
- Parenteral terapiya – aşağı molekulyar çəkili heparin, klassik heparin və ya fondaparinux və ya
- Oral terapiya – apiksaban və ya rivaroksaban
| Hemodinamik baxımdan stabil xəstələrdə oral terapiyaya üstünlük verilir. Yüksək riskli xəstələrdə isə parenteral terapiya tətbiq edilir. |
Saxlanma terapiyası:
- Oral antikoaqulyantlarla aparılır:
- Apiksaban
- Rivaroksaban
- Edoksaban
- Dabiqatran
Reperfuzion terapiya
Ağır hallarda trombolitik terapiya tətbiq olunur:
- TPA (tissue plasminogen activator) ilə fibrinolitik terapiya
- Kateter vasitəsilə tromboliz və ya cərrahi embolektomiya alternativ üsullardır