Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Xronik qastrit

Giriş  

Xronik qastrit mədə selikli qişasının iltihabıdır, etiologiyasına əsasən 3 qrupa bölünür: Tip A (autoimmun), Tip B (bakterial mənşəli) və Tip C (kimyəvi). Tipinə görə ayırma yalnız histoloji müayinə ilə mümkündür. Tip B qastrit bunların arasında ən geniş ayılmışıdır və H. pylori tərəfindən törədilir.   

Xronik qastrit zamanı klinik olaraq xəstələrdə, adətən, epiqastrik şikayətlər müşahidə olunur. Terapevtik yanaşma etioloji tipə görə dəyişir. Belə ki, Tip B qastritdə müalicənin əsasını H. pylori eradikasiyası təşkil edərkən, digər tiplərdə mədə turşuluğunu azaldan preparatlar əsas rol oynayır. Müalicə olunmadıqda, xroniki qastrit perforasiya, mədə xərçəngi və MALT-limfoma kimi ağırlaşmalara yol aça bilər.  

 

Etiologiya  

Etiologiya ABC klassifikasiyasına əsasən aparılır:  

  • Tip A qastrit – autoimmun mənşəli  
  • Tip B qastrit – bakterial mənşə, adətən, H. pylori   
  • Tip C qastrit – kimyəvi mənşəli (xronik alkoqol qəbulu, siqaret, qeyri-steroid iltihabəleyhinə preparatların istifadəsi)  

 

Patofiziologiya  

Tip A qastrit xronik T limfosit vasitəli autoimmun xəstəlikdir. Əsasən, mədənin korpusunu (cismini) tutur.   

T limfositlər parietal hüceyrələri və daxili faktoru (intrinsic factor) destruksiyaya uğradır. Nəticədə:  

  • Atrofik selikli qişalarda intestinal metaplaziya → karsinoid/neyroendokrin tumor və adenokarsinoma riski artır  
  • Turşu sintezinin azalması → dəmirin sorulması ↓ → dəmir defisiti  
  • Daxili faktorun azalması ↓ → B12 vitaminin sorulması ↓ → pernisioz anemiya (B12 defisitli)  

Tip B qastrit  

  • Adətən, H.pylori tərəfindən törədilir  
  • Əsasən, mədənin antrumunu tutur  
  • Müalicə olunmadıqda, mədə adenokarsinoması və MALT-limfoma riski ↑  

 

Simptomlar   

Ümumi simptomlar:  

  • Epiqastral ağrılar, xüsusilə, aclıq zamanı  
  • Ürəkbulanma  

Tip A qastritdə əlavə olaraq:  

  • B12 defisiti ilə əlaqəli nevroloji və anemiya simptomları müşahidə oluna bilər.  

 

Diaqnostika  

Qastroduodenoskopiya  

  •  Biopsiya vasitəsilə etioloji tip təyin olunmalı, eləcə də H. pylori çıxdaş/təsdiq olunmalıdır.   

H. pylori diaqnostikası  

H. pylori diaqnostikasının əsasını endoksopik biopsiya təşkil edir. Bununla yanaşı bəzi qeyri-invaziv üsullarla da ehtimal və ya təsdiq oluna bilər:  

  • Nəcis müayinəsində H. pylori antigenlərinin aşkarlanması:  
    • Eradikasiyon terapiyadan sonra müalicənin effektiv olub olmamasını bilmək üçün kontrol müayinə  
  • Plazmada IgG-anticisimlərin aşkarlanması:  
    • Eradikasion terapiyadan sonra da müsbət olur  
  • Urea nəfəs testi:  
    • Xəstəyə radioaktiv işarələnmiş urea (sidik cövhəri) oral şəkildə verilir, H. pylori ureanı parçalayır və COtənəffüslə xaricə çıxır. Həmin radioaktiv CO2 molekuluna əsasən H. pylori aşkarlanır  

Tip A qastritdə əlavə olaraq qanda vitamin B12 miqdarı təyin olunmalıdır.  

 

Müalicə  

Ümumi müalicə prinsipləri  

  • PPİ (proton nasos inhibitorları) - omeprazol, pantoprazol, lansaprazol və s. 
  • Dəmir defisiti varsa, dəmir substitusiyası  
  • Mədə qıcıqlandırıcı preparatların (məs: QSİƏP) kəsilməsi  

Tip A qastrit  

  • Vitamin B12 substitusiyası  
  • Endoskopik kontrol müayinələr (bədxassəli şişə keçmə riskinə görə)  

Tip B qastrit  

H. pylori eradikasion terapiyası:  

  • İlk seçim: PPİ + bismut + metronidazol + tetrasiklin  
  • Rezistent hallarda: PPİ + klaritromisin + metronidazol və ya amoksisillin  

Eradikasion terapiyadan 4-6 həftə sonra müalicənin effektivliyini yoxlamaq üçün təkrari müayinə tələb olunur. Kontrol endoskopik müayinə gərəkli olan hallarda biopsiya ilə, endoskopik müayinə gərək deyilsə, qeyri-invaziv üsullarla (nəcis antigen testi və ya urea nəfəs testi) H. pylori eradikasiyasının uğurlu olub-olmadığını təyin etmək olar.   

Tip C qastrit  

  • İlk növbədə qıcıqlandırıcı faktor aradan qaldırılmalı (siqaret, alkoqol, QSİƏP istifadəsi və s.)  
  • PPİ (proton nasos inhibitorları)