Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Böyrəklərin ümumi fiziologiyası

Giriş  

Böyrəklər retroperitoneal boşluqda yerləşən paxlaşəkilli cüt orqanlardır. Ürəkdən periferiyaya vurulan qanın 20%-i böyrəklərdən keçir, bununla da kütləsinə nəzərən ən çox qanla təmin olunan orqan böyrəklərdir. Makroskopik olaraq böyrəklər böyrək ləyəni və parenxim hissədən ibarətdir. Mikroskopik olaraq isə nefronlar böyrəyin əsas quruluş komponentidir.   

Böyrəklər sidik “istehsal edərək” toksik maddələrin orqanizmdən uzaqlaşdırılmasını təmin edir. Əlavə olaraq böyrəklər su-duz və turşu-qələvi balansının qorunmasında xüsusi rol oynayırlar. Böyrəklər, həmçinin, sintetik funskiyaya malikdir: belə ki, eritropoetin və D3 vitamininin sintezi burda baş verir.   

 

Makroskopik anatomiya  

Böyrəklər yerləşir:   

  • Retroperitoneal boşluqda – M. quadratus lumborum və M. psoas major əzələləri ilə əhatə olunan böyrək yatağında   
  • 12-ci döş fəqərəsi və 3-cü bel fəqərəsinin proyeksiyası arasında      

Böyrək arteriyası (a. renalis) əsas qidalandırıcı damardır. Əsas vena isə böyrək venasıdır (v. renalis).  

 

Böyrəklər makroskopik olaraq böyrək ləyəni və parenxim hissədən ibarətdir.   

Böyrək parenximi  

Parenxim 2 hissədən təşkil olunmuşdur:  

  • Korteks (cortex renalis) – özündə nefronların yumaqcıqlarını və damarları ehtiva edir  
  • Medulla (medulla renalis) – proksimal və distal borucuqlarla yanaşı, toplayıcı borucuqlar da burada yerləşir  

Böyrək ləyən sistemi  

Böyrək ləyənində ilk olaraq kiçik çanaqlara (calices renales minores) gələn sidik ordan böyük çanaqlara (calices renales majores), daha sonra pelvisə (pelvis renalis), ordan isə sidik axarına keçir.   

Bəzi hallarda, sidik kisəsi infeksiyaları müalicə olunmaqdıqda, qalxan infeksiya pielonefritə (böyrək ləyəninin iltihabı) səbəb olur.

 

Mikroskopik anatomiya     

Mikroskopik olaraq nefronlar böyrəklərin əsas quruluş vahididir.   

Nefron aşağıdakı komponentlərdən ibarətdir:  

Yumaqcıq (qlomerul) – damar yumaqcığı olub, 3 hissədən təşkil olunmuşdur:   

  • Gətirici damar (vaz afferens)  
  • Kapilyar yumaq  
  • Aparıcı damar (vaz efferens)  

Bowmann kapsulu:  

  • Yumaqcıq aparatı vasitəsilə kapilyarlardan süzülən qan Bowmann kapsuluna keçir və ilkin sidiyi yaradır. İlkin sidik daha sonra Bowmann kapsulundan böyrək borucuqlarına keçir.   

Yukstaqlomerulyar aparat:  

  • Yukstaqlomerulyar aparatdakı yukstaqlomerulyar hüceyrələr renin ifraz edərək qan təzyiqini tənzimləyir.  
  • Yukstaqlomerulyar aparatdakı digər hüceyrə qrupu – makula densa isə qanda NaCl səviyyəsini “ölçür”:  
    • NaCl miqdarı az olduqda renin sintezi stimulyasiya olunur, nəticədə renin-angiotenzin-aldosteron sistemi aktivləşir və daha çox natriumun orqanizmdə saxlanması təmin olunur.   
    • NaCl miqdarı çox oluqda da isə gətirici damarlar (vaz afferens) daralır, beləliklə filtrasiya azalır və maye itkisinin qarşısı alınır.   

Borucuqlar  

  • Borucuq sistemi proksimal və distal borucuqlarla yanaşı, toplayıcı borucuqları da özündə ehtiva edir. Həmçinin, Henle ilgəyi (proksimal borucuqla distal borucuq arasındakı hissə) də borucuq sisteminin bir hissəsidir.   
nefron.png

 

Böyrəyin əsas funksiyaları  

  • Toksik (və ya gərəksiz) maddələrin uzaqlaşdırılması – ilkin və son sidiyin yaranması  
  • Elektrolit və su balansının tənzinlənməsi  
  • Turşu-qələvi balansının tənzimlənməsi  
  • Qan təzyiqinin tənzinlənməsi  
  • D3 vitamini (kalsitriol) və eritropoetin sintezi