Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Kron xəstəliyi

Giriş  

Kron xəstəliyi naməlum etiologiyalı xronik-iltihabi bağırsaq xəstəliyidir. Adətən, 15-35 yaş arası şəxslərdə rast gəlinir. Bir çox hallarda terminal ileum və ya kolonu tutan bu xəstəlik qastrointestinal traktın müxtəlif hissələrində ortaya çıxa bilər. Klinik olaraq xəstələrdə, əsasən, diareya , sağtərəfli qarın ağrısı və çəki itkisi müşahidə olunur. Autoimmun mənşəyə malik kron xəstəliyi göz, oynaq və dəridə də dəyişikliklərə səbəb ola bilir. İlkin diaqnoz çətin olsa da, bir sıra müayinələrin vasitəsilə nəticəyə gəlmək olur: klinik anamnez və müayinə, laborator müayinələr, MRT, eləcədə endoskopiya və histoloji müayinə diaqnozun qoyulmasında əsas müayinələrdir.  

Xəstəliyin müalicəsi iki hissədən ibarətdir: klinik ağırlaşma fazalarında qlükokortikoidlər köməyə çatır, qalan vaxtlarda isə ağırlaşmaları azaltmaq üçün immunsupressiv preparatlardan istifadə olunur. Birdəfəlik müalicə mümkün olmasa da dərman preparatlarının köməyilə ağırlaşmaların sayını azaltmaq və irəliləmənin qarşısını almaq mümkündür.  

 

Etiologiya  

Etiologiya məlum deyil, bununla belə bəzi risk faktorları məlumdur:  

  • Nikotin istifadəsi  
  • Genetik meyllilik   

 

Simptomlar  

Əsas simptomlar:  

  • Xronik diareya  
  • Sağtərəfli qarın ağrısı  
  • Tenezm  
  • Anal/perianal fistul və abseslər  
  • Malabsorbsiya sindromu:  
    • Çəki itkisi  
    • Anemiya  
    • Uşaqlarda fiziki inkişafın ləngiməsi  

Digər qeyri-intestinal simptomlara aiddir:  

  • Oynaqlar: artrit  
  • Göz: uveit, irit  
  • Dəri: eritema nodosum  
ms-11-1.png

Diaqnostika  

Laborator müayinə:  

Qan:  

  • CRP ↑  
  • Anemiya, dəmir çatışmazlığı  

Nəcis:  

  • İlk növbədə infeksion diareyanı çıxdaş etmak mütləqdir. Yanaşı olaraq kalprotektin/laktoferrin təyini diaqnoz qoymaqda kömək edir. Kalprotektin kron xəstələrinin 90%-də müsbət çıxır.   

Ultrasəs müayinəsi:  

  • Qalınlaşmış bağırsaq divarı  

Endoskopiya:  

  • Qastroskopiya kolonoskopiya qastrointestinal traktın hansı hissələrinin xəstəliyə məruz qaldığını aşkarlamağa imkan verir. Kron xəstəliyi zamanı seqmental tutulma (skip lesions) müşahidə olunur. Yəni, məsələn, mədədə heç bir patologiya müşahidə olunmadan qida borusu və ileumda xoralara rast gəlinə bilər. Bu xüsusiyyət onu digər xronik-iltihabi bağırsaq xəstəliyi olan xoralı kolitdən ayıran əsas xüsusiyyətlərdən biridir.  

Nazik bağırsağın MRT müayinəsi: 

  • Endoskop vasitəsilə müayinənin mümkün olmadığı hissədə qalan nazik bağırsaq hissəsinin xəstəlikdən təsirlənib-təsirlənmədiyi MRT vasitəsilə təyin olunur.   

 

Differensial diaqnostika  

screenshot-903.png

 

Müalicə  

Müalicə iki hissədən ibarətdir: klinik ağırlaşmalar zamanı qlükokortikoidlər, qalan vaxtlarda isə ağırlaşma sayını azaltmaq və xəstəliyin irəiəməsini ləngitmək üçün immunsupressiv preparatlardan istifadə olunur.  

Klinik ağırlaşmalar (ataklar) zamanı terapiya:  

  • İlk seçim preparatı – topikal qlükokortikoidlər (ağır ataklar zamanı sistemik qlükokortikoidlər)  
  • İkinci sıra seçim preparatı – mesalazin   
  • Steroidlərlə müalicə uğursuz olduqda: TNF-α inhibitorları  

Digər vaxtlarda remission terapiya:  

  • Klinik ağırlaşma hallarının sayını azaldır  
  • Xəstəliyin proqressiyasını ləngidir  
  • Azatioprin, TNF-α inhibitorları və 6-merkaptopurin əsas seçim preparatlarıdır  

Cərrahi müalicə  

Cərrahi müalicəyə göstərişlər:  

  • Fistul (enterovezikal, enterogenital, enterokutan)  
  • Stenoz və strikturalar  
  • Peritonit, ileus , kəskin qanaxma və s. kimi ağırlaşmalar  
  • Bədxassəli şiş və ya yüksək dərəcəli displaziya