Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Qastrointestinal qanaxma

Giriş  

Qastrointestinal (Qİ) qanaxmaların əksəriyyəti (90%) yuxarı Qİ qanaxmalarıdır. Ən çox rast gəlinən səbəb mədə və onikibarmaq bağırsaq xoralarıdır. Qanaxmanın lokalizasiyasından asılı olaraq qanaxma özünü müxtəlif cür göstərə bilər. Yuxarı Qİ qanaxmaları zamanı, adətən, hematemez (qan qusma) və melena müşahidə olunursa, aşağı Qİ qanaxmaları zamanı nəcisdə təzə qan qalıqları aşkarlanır. Endoskopiya vasitəsilə diaqnoz qoyulur və eyni zamanda terapevtik olaraq qanaxma dayandırıla bilər.   

 

Etiologiya  

Yuxarı Qİ trakt qanaxmaları:  

  • Mədə və onikibarmaq bağırsaq xorası  
  • Qida borusu varislərindən qanaxma (qaraciyər sirrozu zaman portal hipertenziyanın göstəricilərindən biri)  
  • Malory-Weiss sindromu  
  • Şiş qanaxmaları  
  • Refluks ezofaqiti  
Malory-Weiss sindromu mədə-qida borusu keçəcəyində selikli qişanın zədələnməsi ilə xarakterizə olunur. Adətən, uzun müddət alkoqol qəbul edən şəxslərdə rast gəlinir.

Aşağı Qİ trakt qanaxmları:  

  • Hemorroid  
  • Şiş qanaxmaları  
  • Angiodisplaziyalar  
  • İltihabi bağırsaq xəstəliyi ( Kron xəstəliyi , xoralı kolit)  
  • İnfeksiya (məsələn: C.difficile)  
  • Divertikulyoz  

 

Təsnifat  

Forrest klassifikasiyası  

screenshot-905.png

 

Simptomlar  

Yuxarı Qİ qanaxmaları:  

  • Hematemez (qanqusma)   
  • Melena (nəcisin hematin səbəbilə tünd rəng alması)  

Aşağı Qİ qanaxmaları:  

  • Hematoxeziya (nəcisdə təzə qan qalıqları)  
  • Melena (həm yuxarı, həm də aşağı Qİ qanaxmalarında mümkündür)  

 

Ümumi əlamətlər:  

Anemiya nəticəsində:  

  • Dəri və selikli qişanın solğun rəng alması  
  • Tez yorulma  
  • Başgicəllənmə, kollaps  

 

Kəskin qanaxmalar zamanı:   

  • Arterial hipotoniya  
  • Taxikardiya  

 

Diaqnostika  

Endoskopik üsul ( qastroskopiya və ya kolonoskopiya ) diaqnostik qızıl satandartdır.  

Qastroskopiya kolonoskopiya ilə qanaxma mənbəyi tapılmadıqda, kapsul endoskopiyası istifadə olunur.  

Kapsul endoskopiyası zamanı xəstə içərisində kamera olan xüsusi kapsul udur ki, bunun vasitəsilə də görüntülər qeydə alınır və mənbə təyin olunur. Xüsusilə, bəzən onikibarmaq bağırsaq qanaxmalarında qastroskopiya və koloskopiya ilə aşkarlana bilməyən patologiyaları kapsul endoskopiya vasitəsilə görmək mümkündür. Çünki, onikibarmaq bağırsağın bir hissəsi nə qastroskopiya, nə də koloskopiya ilə müşahidə oluna bilmir.  

Rektal müayinə: hemorroid və ya anal çata şübhə olduqda  

Laborator göstəricilər:  

  • Hemoqlobin ↓  
  • Nəcis okkult qan testi  
Bəzən qastrointestinal qanaxma çox az miqdarda olduqda, bu, adi gözlə görünmür. Bu zaman nəcisin mikroskopik müayinəsi, yəni nəcis okkult qan testi gərəklidir. Bu müayinə eyni zamanda kolorektal xərçənglərin profilaktik müayinələrindən biridir.  

 

Müalicə  

Endoskopik üsulla diaqnostika zamanı eyni zamanda müxtəlif üsullarla qanaxma dayandırıla bilər:  

  • Liqatur qoyma  
  • Aklerozlaşdırma  
  • Koaqulyasiya və s.  

Kəskin qanaxma zamanı:  

  • Hemoqlobin < 8 q/dl olduqda → eritrosit transfuziyası  
1 eritrositar kütlə (250-300 ml) hemoqlobini təqribən 1 q/dl artırır. Q astrointestinal qanaxma zamanı hemoqlobini minimum 8 q/dl-ə çatdırmaq tövsiyə olunur.