Vitamin B12 defisitli anemiya
Giriş
Vitamin B12 defisitli anemiya – adından məlum olduğu kimi vitamin B12 (kobalamin) çatışmazlığı nəticəsində yaranan anemiya növüdür.
Etiologiya
Vitamin B12 çatışmazlığı bir sıra səbəblərdən qaynaqlana bilər:
- Alimentar: qırmızı ət istehlakının azlığı və ya olmaması (məsələn: veqan pəhrizi)
- Daxili faktorun (intrinsik faktor) çatışmazlığı:
- Mədə rezeksiyasından sonra
- Parietal hüceyrələrin zədələnməsi ilə müşayiət olunan xroniki qastrit (pernisioz anemiya)
- Bağırsaq patologiyaları:
- Terminal ileumun olmaması (məsələn: qısa bağırsaq sindromu)
- Qluten enteropatiyası və digər malabsorbsion sindromlar
İntrinsik faktor mədədə parietal hüceyrələr tərəfindən sintez olunur. Mədədə B12 vitamini ilk olaraq haptokorrin ilə birləşir və bunun sayəsində mədənin turş mühitindən qorunur. Onikibarmaq bağırsaqda haptokorrindən ayrılan B12 vitamini intrinsik faktorla birləşir. Daha sonra bu kompleks terminal ileumdan qana sorulur. |
Patofiziologiya
B12 vitamini DNT sintezində vacib kofaktor olaraq çıxış edir. Onun çatışmazlığı, xüsusilə, qan hüceyrələrinin yaranmasında iştirak edən hüceyrələrə təsir göstərir.
Diaqnostika
Laborator müayinə:
- Meqaloblastik, hiperxrom makrositar anemiya:
- Hemoqlobin ↓, MCV ↑, MCH ↑
- Ağır dərəcədə çatışmazlıq zamanı trombopeniya və leykopeniya da müşahidə oluna bilər
- Vitamin B12: plazmada normal miqdarı – 210–910 pq/ml
- Metilmalon turşusu:
- Vitamin B12 çatışmazlığının erkən göstəricisidir
- Homosistein:
- Artmış miqdarı vitamin B12, B6 və ya fol turşusu çatışmazlığınını əks etdirə bilər
Müalicə
B12 vitamininin əvəzlənməsi
- Parenteral tətbiq: hidroksikobalamin və ya sianokobalamin:
- Başlanğıcda gündəlik və həftəlik inyeksiya (qaraciyərdə vitamin B12 depolarını doldurmaq üçün)
- Qanda miqdarı normallaşdıqdan sonra aylıq inyeksiyalar ilə saxlanma terapiyasına keçilir
Səbəb olan xəstəliyin müalicəsi:
- Məsələn, qluten enteropatiyası zamanı müvafiq pəhriz