Epilepsiya
Giriş
Epilepsiya neyronların anormal və sinxron elektrik fəaliyyəti nəticəsində baş verən tutmalarla xarakterizə olunan nevroloji xəstəlikdir. Epileptik tutmalar fokal (parsial) və generalizə olmaqla iki qrupa bölünür. Bəzi xəstələrdə tutmalara səbəb olan üzvi dəyişikliklər aşkarlansa da, bəzən heç bir səbəb tapılmır. Xəstəliyin müalicəsi tutmanın tipindən, xəstənin yaşı və cinsindən, eləcə də preparatın yan təsirləri nəzərə alınaraq aparılır.
Etiologiya
İdiopatik epilepsiya ilə yanaşı epileptik tutmaların ortaya çıxmasında bir çox tətikləyici faktorlar məlumdur:
- Yuxusuzluq
- Yüksək temperatur
- Alkoqol istifadəsi və ya abstinensiyası
- Narkotik istifadəsi
- Hipoksiya
- Hiperventilyasiya
- Eklampsiya
- Hipoqlikemiya
- Üzvi beyin zədələnmələri ( hemorragik və işemik insult , beyin şişləri , abses, ensefalit)
Təsnifat
- Fokal epileptik tutma – yalnız bir beyin yarımkürəsində epileptogen aktivlik müşahidə olunur.
- Generalizə epileptik tutma – beynin hər iki yarımkürəsində epileptogen aktivlik müşahidə olunur.
Simptomlar
Ümumi simptomlar:
- Qəfləti başlanğıc
- Adətən, bir neçə dəqiqə ərzində spontan sakitləşmə (bəzi hallarda, epileptik status: aşağıya bax )
- Postiktal faza – tutmadan sonra xəstənin reorientasiyası müəyyən vaxt tələb edir
Fokal tutmalar zamanı:
- Adətən, bir ətrafın və ya bir tərəfdəki hər iki ətrafın hərəki simptomları
Generalizə tutmalar zamanı:
- Absans: şüurun qısamüddətli “qapanması”
- Tonik faza: əzələlərin gərginləşməsi
- Klonik faza: əzələlərin ritmik səyirməsi
- Atonik faza: dayaq əzələlərinin qəflətən tonusunu itirməsi
Diaqnostika
Diaqnozun əsasını kliniki anamnez təşkil edir.
Elektroensefaloqrafiyada (EEQ) hər zaman olmasa da epilepsiya üçün xarakterik potensiallar ( spayk, kəskin dalğalar) müşahidə oluna bilər.

Müalicə
Müalicənin 2 əsas istiqaməti var:
- Epileptik tutmaların profilaktikası
- Epileptik tutmalar zamanı təcili müalicə
Profilaktik müalicə
Epileptik tutmaların profilaktikası tutmaların tezliyini azaltmağa xidmət edir. Profilaktik müalicənin aparılmasına əsas göstərişlər:
- Son 6 ayda ikidən artıq epileptik tutma və ya
- Birinci tutmadan sonra:
- KT və ya MRT-də üzvi dəyişiklik aşkarlanarsa (qanaxma, şiş)
- EEQ-də tipik dalğalar müşahidə olunarsa
Profilaktik farmakoloji terapiya:
- Fokal başlanğıclı epileptik tutmalar:
- Levetiracetam, lamotrigin
- Generalizə başlanğıclı epileptik tutmalar:
- Valproat, topiramat
Qeyri-medikamentoz profilaktik müalicə:
- Patoloji ocağın (qanaxma, abses, tumor) uzaqlaşdırılması
- Kallozotomiya
Kallozotomiya dedikdə corpus collosum`un kəsilməsi ilə beyin yarımkürələri arasındakı əlaqənin kəsilməsi nəzərdə tutulur. Beləliklə, epileptik tutma baş versə də, bu bir yarımkürə ilə məhdudlaşır və maksimum fokal tutmaya səbəb ola bilir. Lakin, təəssüf ki, kallozotomiyadan sonra xəstələrdə, həmçinin, intellektin geriləməsi də müşahidə olunur. |
Epileptik status zamanı təcili müalicə
Epileptik tutmalar zamanı, adətən, ilk 5 dəqiqə ərzində müdaxilə olunmur. Çünki əksər tutmalar ilk bir neçə dəqiqə ərzində spontan keçir. Əgər tutma 5 dəqiqədən çox davam edərsə, bu epileptik status hesab olunur və bu halda müalicə gərəklidir. Epileptik status zamanı mərhələli dərman terapiyası:
1. mərhələ: Benzodiazepinlər – tutmanın başlanğıcından 5 dəqiqə sonra başlanılmalıdır:
- Midazolam
- Diazepam
- Klonazepam
2. mərhələ: ən gec halda tutmanın başlanğıcından yarım saat sonra başlanılmalıdır:
- Levetiracetam
- Valproat
- Fosfenitoin
3. mərhələ: intubasion narkoz – ən gec halda tutmanın başlanğıcından bir saat sonra başlanılmalıdır:
- Propofol
- Tiopental