Kəskin böyrək çatışmazlığı
Giriş
Kəskin böyrək zədələnməsi həm ambulator, həm də stasionar müalicə olunan xəstələrdə geniş yayılmış kliniki situasiyadır. Ən çox rast gəlinən səbəbi böyrək perfuziyasının azalmasıdır (prerenal böyrək çatışmazlığı). Lakin nefronların birbaşa zədələnməsi (intrarenal) və ya postrenal səbəblər də buna səbəb ola bilər. Diaqnoz KDIGO (Kidney Disease: Improving Global Outcomes) kriteriyaları əsasında qoyulur.
Kəskin böyrək zədələnməsi üçün diaqnoz kriteriyaları (KDIGO): ən az 1 kriteriya mövcud olmalıdır:
- Serum kreatininində 48 saat içində ≥0,3 mg/dL (26,5 μmol/L) artma və ya
- Serum kreatinin dəyərində ≥1,5 dəfə artma və ya
- Sidik həcmində 6 saat içində <0,5 mL/kg/saat və daha çox azalma
Etiologiya
Prerenal: Böyrək perfuziyasının azalması
Böyrək perfuziyasının azalmasına səbəb olan bütün hallar, məsələn:
- Hipovolemiya
- Kifayət qədər maye qəbul etməmə
- Artan maye itkisi, məsələn:
- Qanaxma
- Qusma/ishal
- Kəskin pankreatit
- Diuretiklər
Sirkulyasiyadakı qan həcminin azalması və ya arterial qan təzyiqinin düşməsi:
- Ürək çatışmazlığı
- Şok
- Sepsis
- Nefrotik sindrom
- Qaraciyər sirrozu
İntrarenal: Nefronların zədələnməsi:
Borucuq mənşəli:
- Kəskin borucuq nekrozu
- İşemik
- Toksik (məs: dərman – aminoqlikozidlər, QSİƏP, sitostatiklər və ya kontrast maddə)
Pigment nefropatiyası:
- Rabdomioliz zamanı mioqlobinuriya → Crush sindromu
- Hemoliz zamanı hemoqlobinuriya
İnfeksiya:
- Pielonefrit
- Böyrək absesi
Qlomerulyar:
- Qlomerulonefritlər
Postrenal:
Sidik yollarının obstruksiyaları:
- Böyrək daşları
- Şişlər
- Xoşxassəli prostat hiperplaziyası
- Retroperitoneal fibrozis
Simptomlar
Spesifik simptomlar yoxdur, bəzən, hətta asimptomatik gedişata rast gəlinir.
Əsas simptom: oliquriya və ya anuriya, bəzən isə poliuriya
Mərhələlər
Kəskin böyrək çatışmazlığı zamanı əsas diaqnostik meyarlar olan qanda kreatinin miqdarı və sidik miqdarı, həmçinin, xəstəliyin mərhələləndirilməsində istifadə olunur.

Diaqnostika
Laborator müayinə:
Diaqnostik dəyərləndirmənin əsasını laborator analizlər tutur. Belə ki, qanda kreatinin miqdarı və sidik miqdarı diaqnozun təyin edilməsindəki əsas vasitələrdir.
Dəyişək digər laborator göstəricilər:
- Sidik cövhəri ↑
- Sistatin
- Kalium ↑
- Metabolik asidoz
| Sistatin kreatininə alternativ olaraq istifadə oluna bilər. Üstün cəhəti bədən kütləsindən asılı olmaması və sensitiv olmasıdır. Mənfi cəhəti isə kreatininə nəzərən daha baha olmasıdır. |
Sidik müayinəsi:
- Proteinuriya?
- Qlomerulyar patologiyaya işarə ola bilər
- Hematuriya?
- Renal yaxud postrenal etiologiya olmasını araşdırmaq üçün
- Silindrlər?
- Məsələn: leykosit silindrləri iltihabi böyrək xəstəliklərində, eritrosit silindrləri qlomerulyar mənşəli böyrək xəstəliklərində aşkar olunur
Ultrasəs müayinəsi:
Xəstəliyin mənşəyi baxımından informativ ola bilər. Belə ki, prerenal, renal və postrenal patologiyaların differensiyasında köməyə çatır. Məsələn:
- Böyrək və sidik yolu daşları? → postrenal
- Aşağı boş venanın müayinəsi, dehidratasiyaya səbəb ola biləcək patologiya? → prerenal
Müalicə
Kauzal terapiya:
- Nefrotoksik dərmanların qəbulunun dayandırılması:
- QSİƏP, sitostatik preparatlar, bəzi antibiotik və antifunqal preparatlar
Dəstəkləyici terapiya:
- Maye substitusiyası (gərəklidirsə)
- Elektrolitlərin və turşu-qələvi balansının normada saxlanılması
- Bəzən, noradrenalin və ya dobutamin
- Böyrəyin perfuziyasını artırmaq üçün
- Dializ (digər üsullarla maye və elektrolit balansı normallaşdırıla bilmədikdə)