Dializ
Giriş
Dializ - böyrəklər öz funksiyasını kifayət qədər yerinə yetirə bilmədikdə istifadə olunan müalicə üsuludur. Dializ üçün digər əsas göstərişlərdən biri isə intoksikasiyasır (dializlə təmizlənə bilən maddələrlə intoksikasiya hallarında).
Son mərhələ xronik böyrək çatışmazlığı nda digər müalicə üsulu olan böyrək transplantasiyası na nəzərən dializ alan xəstələrdə ortalama ömür müddəti daha az olur. Digər nüans isə həyat keyfiyyətinin düşməsidir. Bu səbəbdən mümkün olan hallarda transplantasiya daha üstünlük verilən müalicə metodudur.
Göstərişlər
Son mərhələ xronik böyrək çatışmazlığı :
- Qlomerulyar filtrasiya sürəti (GFR) <7 ml/dəq
- 12 saatdan çox davam edən refrakter anuriya
- Son 24 saat ərzində plazmada kreatininin 1 mq/dl-dən çox artması
Metabolik pozğunluqlar:
- Hiperkalemiya , hiperkalsemiya
- Metabolik asidoz
- Uremiya (simptomatik)
- Hipervolemiya (məsələn: ağciyər ödemi)
İntoksikasiya:
- Məsələn: litiumla zəhərlənmə zamanı
Təsnifat
Hemodializ:
- Xroniki böyrək çatışmazlığı olan xəstələrdə istifadə olunur
- Yarımkeçirici membran vasitəsilə diffuziya üsulundan istifadə edilən ekstrakorporal dializ metodudur
Hemofiltrasiya:
- Detoksifikasiya (intoksikasiya hallarında) və ya təcili dializ gərəkli olduqda istifadə olunur (məsələn: kəskin böyrək çatışmazlığı nda)
- Ultrafiltrasiya prinsipinə əsaslanır
Hemodiafiltrasiya:
- Hemodializ və hemofiltrasiyanın birləşməsi ilə hər iki metodun üstünlüklərini özündə birləşdirir
- Xroniki böyrək çatışmazlığı olan xəstələrdə hemodializ kifayət etmədikdə istifadə olunur
Peritoneal dializ:
- Peritondan yarımkeçirici membran kimi istifadə edilərək həyata keçirilən intrakorporal dializ üsuludur
- Xəstə tərəfindən müstəqil şəkildə yerinə yetirilə bilər
Ağırlaşmalar
Hemodializ zamanı əsas fəsadlar:
- Hipotoniya
- Heparin mənşəli trombositopeniya
- Dizekvilibrium sindromu
- Dializ şuntu ilə əlaqədar fəsadlar:
- Tromboz
- İnfeksiya
| Dizekvilibrium sindromu - adətən, ilk dializdən sonra rast gəlinən ağırlaşmalardan biridir. Sidik cövhəri miqdarı yüksək olan xəstələrdə bu maddə bütün toxumalara, o cümlədən beyinə paylanır. Dializlə sidik cövhəri qandan uzaqlaşdırılır, lakin beyində qalan sidik cövhəri qradient fərqinə əsasən qanda olan “suyu özünə çəkir” və beyin ödeminə səbəb olur. Bu hal simptomatik olaraq özünü baş ağrısı, ürəkbulanma, huşun bulanıqlaşması, epileptik tutma və s. ağırlaşmalarla göstərə bilər. |
Peritoneal dializ zamanı əsas fəsadlar:
- İnfeksiya
- Metabolik pozğunluqlar:
- Elektrolit disbalansı
- Hiperqlikemiya (dializ məhlulundakı qlükoza səbəbilə)