Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Guillain-Barré sindromu

Giriş  

Guillain-Barré sindromu (GBS) - periferik sinirlərin və sinir köklərinin autoimmun iltihabıdır. Xəstəlik simmetrik əzələ zəifliyi və hissiyat pozğunluqları ilə xarakterizə olunur.  

 

Etiologiya   

Guillain-Barré sindromunun dəqiq səbəbi tam aydın deyil. Lakin araşdırmalar və epidemioloji müşahidələr sinir komponentlərinə qarşı autoimmun reaksiyanın xəstəliyə səbəb olduğunu göstərir.   

Bir çox hallarda xəstəliyin yaranmasından əvvəlki 2 həftə ərzində infeksion xəstəliklər müşahidə olunur. Ən çox rast gəlinən infeksion törədicilərə aşağıdakılar aiddir:  

Bakteriyalar:  

  • Campylobacter jejuni – ən çox rast gəlinən törədici (30% hallarda)  
  • Mycoplasma pneumoniae  
  • Haemophilus influenzae  

Viruslar:  

  • Herpes virusları: sitomeqalovirus (10%), Epşteyn-Barr virusu, H.simplex, V.zooster  
  • Hepatit E  
  • Covid-19  

Digər mümkün səbəblər:  

  • Peyvəndlər: tetanus , poliomielit əleyhinə peyvəndlər  
  • Dərman mənşəli: immun checkpoint inhibitorları (nivolumab, pembrolizumab)
  • Hamiləlik  
  • Cərrahi əməliyyatlar  

 

Simptomlar  

GBS, adətən, aşağıdakı əlamətlərlə başlayır:  

  • Paresteziya: ayaqlarda simmetrik, distal hissədən başlayan hissiyat pozğunluğu  

  • Ağrılar: bel nahiyəsində və ya hər iki ayaqda simmetrik ağrılar  

Xəstəliyin gedişatı xəstədən xəstəyə dəyişir. Adətən, sonrakı mərhələlərdə ortaya çıxan simptomlar:  

  • Parezlər:  

    • Simmetrik olur  

    • Adətən, ayaqlardan başlayır və distaldan proksimala yayılır  

    • Reflekslər: zəifləyir və ya tamamilə itir  

  • Kəllə sinirlərinin zədələnməsi:  

    • Üz siniri (N.facialis) prosesə ən çox məruz qalan sinirdir  

  • Avtonom sinir sistemi pozğunluqları:  

    • Ürək və qan dövranı: taxikardiya, bradikardiya, hipertoniya, hipotenziya  

    • Tənəffüsün pozulması  

 

Diaqnostika   

GBS diaqnostikasının əsasını klinik simptomlar və anamnez təşkil edir.    

Diaqnozun təsdiqlənməsi və digər mümkün səbəblərin çıxdaş edilməsi üçün likvor punksiyası və elektrofizioloji müayinələrdən istifadə edilir.  

Likvor müayinəsi     

Likvor mayesində:  

  • Leykosit sayı patoloji miqdarın (5/µl) bir az üstündə müşahidə olunur (10 - 50/µl)  

  • Ümumi zülal miqdarı isə kəskin artmış olur (70-150 mq/dl)  

Likvorda leykosit sayının az artması və ya normal olması, zülal miqdarının isə kəskin artması sitoalbumin dissosiasiyası adlanır və GBS üçün tipik göstəricilərdən biridir.  

Sitoalbumin dissosiasiyası, həmçinin, aşağıdakı xəstəliklərdə də rast gəlinə bilər:

  • Xroniki-iltihabi demielinizasiya edici polineyropatiya (CIDP)  
  • Onurğa beyin şişləri
  • Diabetik polineyropatiya

Elektrofizioloji müayinə:  

Elektroneyroqrafiyada:  

  • Demielinizasiya üçün səciyyəvi göstəricilər (ötürülmə sürətinin azalması, F dalğasının ləngiməsi)  

Elektromioqrafiyada:   

  • Xəstəliyin gecikmiş mərhələlərində fibrilyasiya  

Diaqnoz kriteriyaları:  

Əsas kriteriyalar:   

  • Getdikcə artan zəiflik   

  • Distal əzələ reflekslərinin itirilməsi  

  • Digər mümkün səbəblərin çıxdaş edilməsi  

Dəstəkləyici kriteriyalara aiddir:  

  • Simmetrik parezlər    

  • Paresteziyalar  

  • Kəllə sinirlərinin zədələnməsi  

  • Avtonom sinir sistemi pozğunluqları   

  • Tipik likvor müayinəsi göstəriciləri (sitoalbumin dissosiasiyası)  

  • Elektrofizioloji müayinədə yuxarıda bəhs olunan nəticələr  

 

Müalicə  

Yüngül hallarda xəstəliyin müşahidəsi və mümkün ağırlaşmaların müalicəsi əsas önəm daşıyır.   

Ağır hallarda isə yüksək dozada immunoqlobulinlər (IVIG) və ya plazmaferez tətbiq olunur.   

Digər dəstəkləyici-preventiv tədbirlər:  

  • Ağciyər funksiyası müntəzəm spirometriya ilə yoxlanılmalı, pisləşmə müşahidə olunarsa, intubasiya və mexaniki ventilyasiya tətbiq olunmalıdır.  

  • Sidiyə çıxmada pozuntu varsa, sidik kateteri vasitəsilə sidik boşaldılmalıdır.