Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Tənəffüs həcmləri və tutumları

Tənəffüs həcmləri  

Ağciyərlərin statik həcmləri spirometr ilə ölçülür:  

  • Normal tənəffüs həcmi: normal nəfəsalma və nəfəsvermə zamanı ağciyərlərə daxil olan və çıxan havanın həcmi (≈500 ml)  
  • İnspirator ehtiyat həcmi: normal nəfəsalmadan sonra maksimal inspirasiya ilə ağciyərlərə daxil olan havanın həcmi (≈3000 ml).  
  • Ekspirator ehtiyat həcmi: normal nəfəsvermədən sonra maksimal ekspirasiya ilə ağciyərlərdən çıxarılan havanın həcmi (≈1200 ml).  
  • Qalıq həcm: maksimal nəfəsvermədən sonra ağciyərlərdə qalan havanın həcmi (≈1200 ml). Bu həcm spirometriya ilə ölçülə bilmir.  

 

Ağciyər tutumları  

Ağciyər tutumları bir neçə həcmin cəmi şəklində göstərilir:  

  • İnspirator tutum: normal tənəffüs həcmi + inspirator ehtiyat həcmi (≈3500 ml)  
  • Funksional qalıq tutumu: ekspirator ehtiyat həcmi + qalıq həcm (≈2400 ml)  
    • Normal ekspirasiyadan sonra ağciyərlərdə qalan hava həcmini göstərir.  
  • Həyat tutumu: inspirator tutum + ekspirator ehtiyat həcmi (≈4700 ml)  
    • Maksimal inspirasiyadan sonra çıxarıla bilən hava həcmini əks etdirir.  
  • Ümumi ağciyər tutumu: həyat tutumu + qalıq həcm (≈5900 ml)  
    • Ümumi ağciyər tutumu özündə qalıq həcmi ehtiva etdiyi üçün spirometriya ilə ölçülə bilmir.  

 

Ölü həcm  

Ölü həcm, qaz mübadiləsində iştirak etməyən hava həcmini ifadə edir. Ağciyərlərin ölü həcminə anatomik və fizioloji ölü həcmlər daxildir:  

  • Anatomik ölü həcm:  
    • Ötürücü hava yollarının (burun, traxeya, bronxlar) həcmi bura aiddir (≈150 ml)  
    • Normal tənəffüs həcminin (≈500 ml) təqribən 350 ml-i alveollara çatır, qalan 150 ml isə ötürücü hava yollarında qalır.  
  • Fizioloji ölü həcm:  
    • Anatomik ölü həcm + qaz mübadiləsində iştirak etməyən alveolların həcmi  
    • Normal vəziyyətdə fizioloji ölü həcm anatomik ölü həcmə bərabərdir.  

 

Ventilyasiya ilə perfuziya arasında uyğunsuzluq:  

  • Fizioloji ölü həcm artırsa, bu, ventilyasiya ilə qan axını (perfuziya) arasında uyğunsuzluq olduğunu göstərir. Yəni alveolların bir qismi ventilyasiyada iştirak etməsə də perfuziyadan öz payını alır.  
  • Fizioloji ölü həcmin normal tənəffüs həcminə nisbəti, ventilyasiyanın nə qədərinin "israf" olduğunu göstərir. Normal halda bu 0.7 və ya 70% təşkil edir (350/500=0.7 və ya 70%).  

 

Gücləndirilmiş ekspirator həcm (forced expiratory volumes)  

Yuxarıda qeyd edildiyi kimi ağciyərlərin həyat tutumu, maksimal inspirasiyadan sonra xaric edilə bilən hava həcmini ifadə edir. Gücləndirilmiş həyat tutumu (FVC) isə maksimal inspirasiyadan sonra xaric edilə bilən maksimum hava həcmini göstərir.  

Gücləndirilmiş ekspirator həcm və onun klinik əhəmiyyəti:  

  • FEV1: maksimal inspirasiyadan sonra maksimal ekspirasiya ilə birinci saniyədə xaric edilən hava həcmi  
  • Sağlam şəxslərdə FEV1/FVC nisbəti ≈0.8 (80%) təşkil edir. Yəni, maksimal ekspirasiya ilə xaric edilən hava həcminin 80%-i birinci saniyədə xaric olunur.   

 

Patofiziologiya  

Obstruktiv ağciyər xəstəlikləri  

Məsələn, bronxial astma xroniki obstruktiv ağciyər xəstəliyi zamanı:  

  • FVC və FEV1 azalır.  
  • FEV1/FVC nisbəti < 0.8 olur.  
  • Bu hal hava yollarında müqavimətin artması ilə əlaqədardır.  

Restriktiv ağciyər xəstəlikləri  

Məsələn, ağciyər fibrozunda:  

  • FVC və FEV1 azalır.  
  • Lakin, FEV1, FVC-dən daha az dərəcədə azalır.  
  • Nəticədə, FEV1/FVC nisbəti > 0.8 olur.  
  • Bu hal ağciyərlərin elastikliyinin azalması ilə əlaqəlidir.